Şəmkirdə qaz sızmasından partlayış baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.
İkimərtəbəli evdə qəflətən baş verən və alovla müşayiət olunan partlayış ağır fəsadlara yol açıb.
Baxış zamanı məlum olub ki, evdəki qaz cihazlarında heç bir partlayış izi yoxdur. Hadisəyə evin yaxınlığından keçən qaz borusunda baş verən sızmanın səbəb olduğu iddia edilir.
Partlayış nəticəsində 39 yaşlı Bəsti Mərdanova, 23 yaşlı Azadə Mərdanova və 1 yaşlı Raul Məhərrəmov müxtəlif bədən xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğundan daha sonra yaralılardan Bəsti Mərdanova Bakıya, azyaşlı isə Gəncə Uşaq Xəstəxanasına aparılıb.
Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Şəmkir Regional Qaz İstismar İdarəsinin əməkdaşları cəlb olunub, ilkin araşdırmalara başlanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda da hadisənin ilkin ehtimala görə, qaz sızması səbəbindən baş verdiyi bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.