Ötən gün Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətində olduğunu bəyan etdi. ABŞ isə 65 milyon dollar yardım ayıracaq.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Aydın Quliyev deyir ki, Brüsseldəki müzakirələr bölgədə sülhün və təhlükəsizliyin mənafeyinə xidmət etmir. Üçtərəfli görüşün detallarının açıqlanmaması rəsmi Bakının narahatlığının əsaslı olduğunu göstərdi.
Politoloq bildirib ki, üçtərəfli hərbi paktın, Ermənistana hərbi dəstəyin, güzəştlərin müzakirə edilmədiyinə inanmaq mümkün deyil. Çünki bu görüşdə inklüzivlik təmin edilməyib. Brüssel görüşünün və aparılan danışıqların regionda hansı təhlükəli və faciəvi prosesləri şərtləndirə biləcəyini indidən proqnozlaşdırmaq mümkündür.
Qərbin Cənubi Qafqazda status kvonu dəyişmək planının müzakirə olunduğu 5 aprel görüşü region dövlətləri tərəfindən narazılıqla qarşılanıb. Bütün reallıqlar fonunda Prezident İlham Əliyevin də tutduğu prinsipial və qətiyyətli mövqe öz rolunu oynayıb.
"Həm ABŞ Dövlət katibi Antoni Blinken, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan liderinə zəng edib. Onlar Prezidentin inandırmağa çalışırdılar ki, görüşdə Azərbaycan əleyhinə adım atılmayacaq, sırf Ermənistan iqtisadiyyatının gücləndirilməsi və orada demokratiya islahatları ilə bağlı məsələlər müzakirə ediləcək.
Türkiyə parlamentinin deputatı və Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndəsinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır.
Bu fonda "kənar qüvvələrin regiona gətirilməsi "qırmızı xəttimizdir"" deyən İran isə susqunluq nümayiş etdirir. Zəngilanda mal-qara fermasını "xarici ölkənin bazası" kimi təqdim edən və "qırmızı xətlər" çəkən İran Ermənistanın sərhədə Aİ missiyasını gətirməsinə, ötən il Ermənistan ərazisində bu ölkə ilə ABŞ-nin keçirdiyi hərbi təlimlərə və nəhayət 5 aprel görüşündə regionda yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlmiş görüşə reaksiya vermir. Görünür, İran Qərbin regiona gəlişindən daha çox güclü Azərbaycan faktorundan çəkinir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.