Xəzər Xəbər

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib VİDEO

Veb TV | 20:49 • 3 Aprel 2024
Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Böyükşor gölü üzərindəki yol ilə Binəqədi-Balaxanı yolunun kəsişməsindən gedir.

Həmin dairə ləğv edilib və ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən təmir-tikinti işləri aparılır. 

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, paytaxda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanıb. Yolun Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacağı gözlənilir.

Yeni yol Böyükşor gölündən başlayaraq, Məmmədli və Kürdəxanı qəsəbələrindən keçərək Pirşağıya gedəcək. Bu, hazırkı dar Zabrat yolundan iki dəfə qısadır. Yəni Böyükşor-Pirşağı avtomobil yolu indiki Zabrat yoluna alternativ olacaq.

Sürücülər də şəhərdə hər bir yeni yolun olmasını müsbət qarşılayırlar.

Yolun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Nəticədə də paytaxtda ən sıx tıxacların yaşandığı Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşacağı ehtimal olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar