Paytaxtda hər gün yeni tikililər inşa edilir, göz oxşayan binalar şəhərə estetik gözəllik qatır. Amma, təəssüf ki, bununla yanaşı tikintisi yarımçıq qalmış binalara da rast gəlinir.
Xezerxeber.az xəbər verir ki, Bakının hər rayonun ərazisində belə tikililərə rast gəlmək olar. Əmlak ekspertlərinin sözlərinə görə, çoxmərtəbəli yarımtikililərin sayı 200-dən çoxdur.
Əmkal eksperti Ramil Osmanlı deyir ki, müflisləşmə, maliyyə çətinliyi, qanunsuz tikilmə və ya binanı inşa edən şəxsin həbsi tikilinin yarımçıq qalmasına səbəb ola bilər.
O, hesab edir ki, problemin həlli üçün müvafiq dövlət qurumlarının iştirakı ilə komissiya yaradılmalıdır. Binanın inşasında ciddi qanun pozuntusuna yol verilməyibsə, kooperativin digər payçılarının prosesə cəlb edilməsi ilə tikintinin başa çatdırılması mümkündür.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"ə bildirildi ki, müvafiq fərmana əsasən, tikinti və istismara icazələr 2018-ci ilin avqust ayından etibarən bu qurum tərəfindən verilir. İnşası yarımçıq qalan binalar da fərqli illərdə inşa edilmiş tikililərdir.
Konkret tikili və ya ünvan barədə müraciət edildiyi təqdirdə aidiyyəti qurumların rəyləri əsasında məsələyə yenidən baxıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.