Xəzər Xəbər

Bakıda diş müalicəsindən sonra komaya düşən uşaq hələ də ayılmayıb - Prokurorluq hərəkətə keçib VİDEO

Veb TV | 20:24 • 2 Mart 2024
Bakıda diş müalicəsindən sonra komaya düşən uşaq hələ də ayılmayıb - Prokurorluq hərəkətə keçib

Bakıda stomatoloqa gedən 11 yaşlı qız komaya düşüb.

Valideynləri ona narkoz verildiyini iddia edirlər. Artıq 10 gündür ki, uşağın şüuru qapalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, azyaşlının atası Zamin Babayev deyib ki, uşaq saat 10-da diş həkiminə aparılıb və 40 dəqiqəlik prosedurla dişinə plomb qoyulub. Lakin bu prosedurdan sonra uşaq tibb müəssisəsində komaya düşüb.

11 yaşlı 5-ci sinif şagirdini 10 gün əvvəl valideynləri Bakı Sağlamlıq Mərkəzində diş həkiminə aparıblar. Həkim narkozla müalicə təklifini verib. Ancaq valideynlər qəti şəkildə imtina edib, sedasiya üsulunu istədiklərini bildiriblər. Buna baxmayaraq, valideyn iddia edir ki, uşağa narkoz verilib.

Zamin Babayevin sözlərinə görə, sonradan məlum olub ki, uşağın beynində zədələnmələr var.

Valideynin bildirdiyinə görə, öz təşəbbüsü və vəsaiti ilə uşaq artıq 4 gündür ki, Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Klinikada uşağı müalicə edən həkim bildirib ki, azyaşlının şüuru qapalıdır, ayılma yoxdur, reanimasiya tədbirləri davam edir.

Valideyn onu da deyib ki, hazırda həmin stamotoloqun otağında hansısa təmir işləri aparılır. Bununla bağlı video da təqim edib.

Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmovla əlaqə saxladıq. O bildirdi ki, hadisə ilə bağlı hansısa fikir bildirməsi qanunla düzgün deyil.

Baş Prokurorluqdan isə "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən fakt ərazi üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti