Yevlaxda 6 uşaq anası olan qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Yevlaxda, şəhərin Nüşabə küçəsində baş verib.
38 yaşlı Həsrət Bəkirovun özündən bir yaş kiçik olan həyat yoldaşı Laləzar Bəkirovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlin ailə üzvləri yuxuya getdikdən sonra törədildiyi bildirilir.
Həsrət Bəkirov qadını qətlə yetirdikdən sonra anasını oyadaraq gəlininin qan içində olduğunu bildirib. 6 övladını ona əmanət edərək polisə təslim olmağa getdiyini deyib.
Hadisədə şübhəli bilinən şəxsin anası gəlini ilə oğlu arasında hər hansı dava və münaqişəyə şahid olmadığını bildirib. O, oğlunun psixi problemlərinin olduğunu, hətta Gəncədə yerləşən xəstəxanada müalicə alarkən oradan qaçdığını da deyib.
Məlumata görə, Həsrət Bəkirovun Laləzar Bəkirova ilə birgə nikahdan 3 qız və 3 oğlan övladı var. Onlardan ən kiçiyinin 3 yaşı var.
Qobustanda da qadın qətlə yetirilib. Rayon sakini 42 yaşlı Günel Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Qadının həyat yoldaşı, cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Mürsəl Cabbarov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.