2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarının, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər.
Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil sızaraq pusqu, basqın təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Şərti terrorçu qrup tərəfindən ələ keçirilən gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqlarının icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.
Təlim məşqlərində qarşıya qoyulan tapşırıqlar dəniz xüsusi təyinatlıları tərəfindən müvəffəqiyyətlə icra olunub.