Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Xezerxeber.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırıldı, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirildi.
Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində, əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində və digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.