Sabirabad rayonunun Qalağayın kəndinin bir hissəsində içməli su problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri deyirlər ki, əvvəllər onların su təminatında problem olmayıb. Ancaq xeyli müddətdir ki, suyu ya maşınlarla alırlar, ya da artezian quyusundan çıxan sudan istifadə edirlər. Lakin bu suyun keyfiyyəti onları qane etmir.
Kənd sakinlərinin sözlərinə görə, bir müddət öncə mənzillərinə sayğac quraşdırılıb. Amma su olmadığından həmin sayğaclarda da texniki nasazlıq yaranmağa başlayıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin 4 Saylı Regional Sukanal İdarəsindən bildirilib ki, Qalağayın kəndində 128 abonentin su təminatında problemlər yaşanır. Bunun da səbəbi həmin ərazini su ilə təmin edən boruların 1970-72-ci illərdə çəkilmiş olmasıdır ki, artıq həmin borular istismar müddətini başa vurub. İdarədən o da bildirilib ki, həmin boruların dəyişdirilməsi və ərazinin yeni su xətləri ilə təmin olunması üçün layihə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Layihə təsdiq edildikdən sonra ərazidə yeni su borularının çəkilişinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.