Xəbər verdiyimiz kimi, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrinin şiddətli soyuqlara orqanizmlərinin öyrəşdirilməsi üçün müxtəlif təlimlər keçirilib.
Təlimlərdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təminatı, həmçinin bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyəti yoxlanılıb.
Soyuq havalarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq məqsədilə təlimə cəlb edilmiş bölmələrlə praktiki məşğələlər keçirilib. Məşğələlər zamanı yüksək dağlıq ərazilərdə qrupun hərəkəti, xizəklə qrupun döyüş düzülüşləri, dağçılıq ləvazimatlarından istifadə etməklə sərt enişlərdə, sıldırım yamaclarda hərəkət qaydaları məşq etdirilib.
Xüsusi təyinatlı qruplar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirərək şərti düşmən arxasında taktiki fəaliyyətləri icra edib. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın fəaliyyəti yerinə yetirilib. Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib.
Soyuq havalarda ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək döyüş əməliyyatlarının aparılması, yaralıların təxliyə edilməsi və qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.