Bu il Bakıda kirayə mənzillər bahalaşıb.
Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri deyirlər ki, qiymət artımı əsasən özünü mərkəzi hissələrdə, xüsusilə Nəsimi və Səbail rayonlarının dənizkənarına yaxın ərazilərində müşahidə edilir.
Əmlak eksperti Nofəl Quliyev deyir ki, bahalaşmanın bir neçə səbəbi var. Bunlar köhnə tikililərin sökülməsi, tələbə amili və ən əsası da ölkəyə gələn turistlərdir.
Ekspertin sözlərinə görə, ümumilikdə kirayələrdə 5% bahalaşma müşahidə edilir. Artıq mərkəzə yaxın hissələrdə 400 manatdan ucuz birotaqlı ev tapmaq müşkülə çevirilib. İndi xüsusilə mərkəzə yaxın evlər aylıq kirayə ilə yanaşı, gündəlik də turistlərə verilir. Bu da daha çox pul əldə etmək məqsədi daşıyır. Nəticədə tələbin çoxluğu qiymətlərə də öz təsirini göstərir.
Üçotaqlı mənzillərin kirayə qiymətləri isə köhnə tikililərdə 600, yeni tikililərdə isə 800, 1000 manatdan başlayır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.