Kürdəmirdə oğul anasının başını kəsib, bu azmış kimi həmkləndlisini də bıçaqlayaraq öldürüb. Bununla da kifayətləməyərək başqa bir tanışına bıçaqla hücum edərək yaralayıb.
Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə Kürdəmirdə baş verib.
Rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 11 radələrində rayonun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini 43 yaşlı İlham Alıyevin yaşadığı evdə anası, 75 yaşlı Nəsibə Aliyeva və həmkəndlisi, 44 yaşlı Famil Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı 54 yaşlı Vüqar Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Şıxımlı kənd bələdiyyəsinin sədri Əmrah Calalov da mediaya açıqlama verib. Bildirib ki, hadisəni törədən şəxs narkotik istifadəçisi olub. O, anasından satdığı yağın pulunu istəyib, anası isə verməyib. Buna görə də anasının başını kəsib. Daha sonra həyətə çıxaraq səbəbsiz şəkildə qonşunu bıçaqlayaraq öldürüb. Başqa bir tanışını da bıçaqlayıb, həmin şəxs hazırda xəstəxanadadır.
Faktla bağlı rayon prokurorluğunda iki və ya daha çox şəxsi öldürmə maddəsilə cinayət işi başlanıb, İlham Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.