Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarından Ukraynaya, o cümlədən Kiyevə hava hücumu olmasına baxmayaraq, orada yaşayan Azərbaycan vətəndaşları məntəqəyə gələrək öz konstitusion hüquqlarından istifadə ediblər.
Ölkə üzrə 600 seçici qeydiyyatda olub. Onlar əsasən Kiyev, Xarkov, Lvov və Odessa vilayətlərindən gələnlərdir.
Səfirlikdəki təhlükəsizlik tədbirləri səsvermənin davam etməsinə imkan yaradıb.
Azərbaycanın Özbəkistandakı səfirliyində də növbədənkənar Prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilib. Səfirliyin binasında yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 53 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla saat 08:00-da açılıb.
Daşkənd şəhəri və ətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları pasportlarını məntəqə seçki komissiyasına təqdim etməklə, səsvermədə iştirak ediblər. Daşkənd şəhərində yaradılmış sözügedən seçki məntəqəsində səhər saatlarından başlayaraq seçici fəallığı müşahidə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: