Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparıb.
Xezerxeber.az-ın məlumatına görə, səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Səhər saatlarından seçki məntəqələrində seçici izdihamı müşahidə edilib. İnsanlar məntəqələrə axın etməyə başlayıblar.
Məntəqələrə gələn hər kəs əvvəlcə müəyyən prosedurlardan keçiblər. Vətəndaşların barmaqları xüsusi cihazla yoxlanaraq gözə görünməyən boya vurulub, sonra isə onlara bülletenlər verilib. Daha sonra isə səs vermək üçün xüsusi otaqlara keçib prosesə qoşulublar.
Bütün məntəqələrdə səsvermənin başlandığı andan seçicilərin aktivliyi müşahidə olunub.
Səsvermə prosesi saat 19:00-da başa çatıb.
Seçki məntəqələri bağlandıqdan sonra müşahidəçilərin qarşısında seçki qutularının kilidləri açılıb və səslərin sayılmasına başlanılıb. Səslər tam sayıldıqdan sonra protokol tərtib olunub.
Qeyd edək ki, ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyib. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: