Məlumat verdiyimiz kimi, bu günlərdə Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çayda aşkar edilib.
Xezerxeber.az-ın məlumatına görə, Adilə Mehdiyeva ilə bağlı yeni təffərrüatlar məlum olub.
Mərhum həmyerlimizin qardaşı Hacı Mehdiyev “Xəzər Xəbər”ə bildirib ki, Adilə Mehdiyeva Polşanın Lodz şəhərində magistratura təhsili alıb. Bandan sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində ünsiyyət qururmuş.
Hacı Mehdiyev qeyd edib ki, bacısı həmin şəhərdə beynəlxalq şirkətdə işləyən fransız kişi ilə ailə həyatı qurub. Ötən ilin oktyabrında Emil adlı övladları dünyaya gəlib.
Qardaşının iddiasına görə, ölümündən əvvəl Adilə Mehdiyeva depressiyadan əziyyət çəkib. Onun əri ilə münasibətlərinin heç də yaxşı səviyyədə olmadığı deyilir.
Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan sonra telefonuna zəng çatmayıb.
Qızının meyitinin çaydan tapıldığını eşidən ata - Nüsrət Mehdiyev isə hadisənin hərtərəfli araşdırılması üçün Polşa hüquq - mühafizə orqanlarına lazımi məlumatlar və videolar təqdim edib.
Qadının ölümündə ərinin rolu ola biləcəyi ilə bağlı da şübhəli məqamların olduğu ehtimal edilir.
Adilə Mehdiyevanın qonşuları Polşa mediasına açıqlamasında onun əri ilə daim mübahisə etdiyini iddia edirlər. Onun ən son çəkilən görüntülərinin birində Adilə Mehdiyeva yaşadığı binanın liftinə öz övladı ilə birlikdə minir.
Qeyd edək ki, Adilə Mehdiyevanın cansız bədəni fevralın 3-də Oder çayından tapılıb. Çaydan tapılan cəsəd tanınmaz halda olub və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Hazırda bu istiqamətdə polis araşdırmalar aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: