Xəzər Xəbər

Avtoyuma məntəqəsindən maşını qaçırıb qəza törətdi - Məsuliyyət kimin üzərindədir? VİDEO

Veb TV | 21:51 • 5 Fevral 2024
Avtoyuma məntəqəsindən maşını qaçırıb qəza törətdi - Məsuliyyət kimin üzərindədir?

Son vaxtlar avtoyuma məntəqələrindən avtomobillərin  qaçırılması hallarına yenidən rast gəlinir. Bu vaxt bəzən qəzalar da qaçılmaz olur.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə də paylaşım edilib. Vətəndaşlardan biri avtoyuma məntəqəsindən onun icazəsi olmadan nəqliyyat vasitəsinin kənar əraziyə aparıldığını iddia edib. O bildirib ki, avtomobilini yumaq üçün verdiyi şəxs nəqliyyat vasitəsini qaçırıb. Həmin şəxs onu da iddia edib ki, avtomobili Biləcəri ərazisində təkərləri və diski sökülmüş vəziyyətdə tapılıb.

Paytaxtın Nərimanov rayon ərazisində də bənzər hadisə baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon polis idarəsinin 16-cı və 18-ci polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən şəxs saxlanılıb. O, həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasovdur.

Bəzi sürücülər belə hallar baş verdiyinə görə avtoyuma məntəqələrinə etibar etmədiklərini bildirdilər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, avtoyuma məntəqəsində qaçırılan maşınla törədilən qəzaya görə avtomobilin sahibi heç bir məsuliyyət daşımır. Amma burada bəzi istisna hallar da var.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsinin qaçırılması faktına görə əməli törədən şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Nurlan Əliyev əlavə edib ki, avtoyuma məntəqəsindən qaçırılan və Biləcəri ərazisində tapılan avtomobillə bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar