2024-cü ilin yanvar ayında Bakı Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 664 şikayət daxil olub.
Xezerxeber.az-ın məlumatına görə, 93 nəfər toksikologiya şöbəsinə qəbul edilib.
Onlardan 16-ı dəm qazı, 6-ı botulizm, 40-ı dərman, 5- i etanol, 23-ü sirkə turşusundan zəhərlənib.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin toksikoloq - həkimi Aynur Məmmədova deyib ki, ağır dərəcədə olan zəhərlənmələr toksikologiya şöbəsinə daxil olub, orta ağır, yüngül dərəcədə olan xəstələrin isə mədəsi yuyulub, ambulator şəraitdə evə yola salınıblar.
Toksikoloq -həkim bildirib ki, ona görə dərman zəhərlənməsi ilə daxil olanlar çoxluq təşkil edir. Həmin şəxslər çox vaxt dərmanı düzgün şəraitdə saxlamırlar.
Həkim bildirib ki, dərman zəhərlənməsini qida zəhərlənməsi ilə eyni tutmaq olmaz. Qabaqlayıcı tədbirlər də fərqli olmalıdır.
Aynur Məmmədovanın sözlərinə görə, yanvar ayında dəm qazından zəhərlənmələr də çoxluq təşkil edib.
Qeyd edək ki, toksikologiya şöbəsinə qəbul edilən zəhərlənən şəxslərdən 7-si vəfat edib. Onlardan 6-sı kişi, 1-i qadın olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: