Tovuzun Dondar-Quşçu kəndinin 70-dən çox evi içməli suya həsrət qalıb. Onlar öz vəsaitləri hesabına su xətti çəksələr də, borular magistral xəttə qoşulmur.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər kapron və dəmir çənlərlə yağış suları toplayıb ehtiyaclarını ödəməyə çalışırlar.
Ümüdlərini hər yerdən kəsən sakinlər qərar veriblər ki, öz vəsaitləri hesabına su xətti cəksinlər. Arzularını gerçəkləşdirən sakinlərin elə əsas problemləri də işin sonunda yaranıb. İşlər tamamlandıqdan sonra 8 nömrəli Regional Sukanal İdarəsinin Tovuz Sukanal Sahəsi onların çəkdiyi xətti magistral xəttə qoşmayıb.
İndi sakinlər şəxsi imkanlarından istifadə edərək su təminatını ödəməyə çalışırlar.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, həmin sakinlər təmsil etdiyi qurumla razılaşdırmadan xətləri çəkiblər. Əgər 70-dən çox ev su ilə rayonu qidalandıran magistral kəmərə qoşulsa, Tovuz şəhərinin su təhcizatında problemlər yaranacaq. Sakinlər problemin həlli üçün rəsmi qaydada "Azərsu" ASC-yə müraciət ünvanlamalıdır. Bundan sonra məsələnin həlli yollarına baxılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: