Bakının Nizami rayonu, Naxçıvanski 38 ünvanında park salınır.
Xezerxeber.az-ın məlumatına görə, artıq qazıntı prosesinə başlanılıb, lakin işləri davam etdirmək mümkün deyil. Səbəb isə ərazidə yerləşən və obyekt, sex kimi istifadə edilən qarajlardır. Bəs orada abadlıq işləri necə davam etdiriləcək?
Ərazidə iş aparan şirkət əməkdaşının sözlərinə görə, bu obyektlərin sahibləri ilə sadəcə zənglə əlaqə yarada biliblər.
Nizami Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Naxçıvanski küçəsi 38 və 48 ünvanlarında məhəllənin abadlaşdırılması işlərinə başlanılıb. Məhəllədə uşaq-əyləncə və idman qurğuları, yeni işıqlandırma sistemi, söhbətgahlar və oturacaqlar quraşdırılacaq, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılacaq. Bu məqsədlə sözügedən ünvanlarda sakinlər tərəfindən çəpərlənərək zəbt edilmiş ərazilər, eyni zamanda, 5 ədəd dəmir qaraj və 5 ədəd köhnə tipli söhbətgah götürülüb. Digər daş qarajların götürülməməsinə səbəb isə onların müvafiq sənədlərinin olmasıdır.
Ekspertlər isə bildirirlər ki, belə hallarda sözügedən tikililərin sənədləri yoxlanılmalı, onlara müvafiq qurum tərəfindən konpensasiya ödənilməklə obyekt sökülməli və parkın salınması təmin edilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: