Qubada ölümlə nəticələnən yol -nəqliyyat hadisəsi olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Quba-Qusar yolunda, Quba rayonunun Xucbala kəndi ərazisində baş verib.
İki avtomobilin toqquşması nəticəsində 5 nəfər - 45 yaşlı Elzamin Zülfüqarov, 35 yaşlı Nurlan Balayev, 39 yaşlı Elnur Əlixanov, 70 yaşlı Nazif Əliyev və 44 yaşlı Qahir Süleymanov ağır xəsarətlər alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri, 70 yaşlı Nazif Əliyev xəstəxanada dünyasını dəyişib.
Tərtərdəki qəza da ölümlə nəticələnib. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib ki, Bakıdan qonaq gedən 25 yaşlı Vüsal Quliyev xalası oğluna məxsus minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsini su kanalına aşırıb. Hadisə nəticəsində Vüsal Quliyev boğularaq ölüb.
İmişlidə isə yük avtomobili piyadanı vurub. Rayon sakini Eyvaz Ataşov idarə etdiyi yük maşını ilə hərəkətdə olarkən rayonun Otuziki kənd sakini 71 yaşlı Nazim Əhədovu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə keçinib.
Hər üç faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: