Xəzər Xəbər

Bakıda binaları sökülən sakinlər çətin vəziyyətə düşüblər ŞİKAYƏT/VİDEOVİDEO

Veb TV | 20:46 • 3 Fevral 2024
Bakıda binaları sökülən sakinlər çətin vəziyyətə düşüblər

Yaşadıqları evlərin sökülməsindən sonra ərazidən köçürülən və kirayələrdə yaşayan sakinlər 6 ildir  ki, mənzil yolu gözləyirlər. Üstəlik, onlara ödənilməli olan kirayə haqları da kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət bakının Nəsimi rayonunun Süleyman  Rəhimov, Mirəli Qaşqay və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yaşayan sakinlərdən gedir.

Tezliklə köçəcəklərinə ümidlənsələr də, mənzillərinə kənardan baxmaqla kifayətlənməli olurlar.

Hətta həytlərinə belə hasardan keçirlər.

Sakinlər deyirlər ki, 2018-ci ilədək sözügedən ünvanda beşmərtəbəli 1 blokdan ibarət kooperativ binada yaşayıblar.

Elə həmin il  məhəllədəki bütün yaşayış binaları pilot layihə çərçivəsində sökülüb. Sakinlərə  vəd  verilib ki, iki ildən sonra "Yeni Ailə" MTK-nın tikdiyi yeni mənzillərə köçürüləcəklər. Amma onlar hələ də mənzil yolunu gözləyirlər.

Onlar  iddia  edirlər ki, köçürülmə prosesindən sonra ailələrə bir müddət  kirayə haqqı ödənilib, sonra isə  dayandırlıb.

Bu  qədər  vaxt keçməsinə baxmayaraq, mənzillər hələ də tam hazır  deyil.

Sakinlər deyirlər ki, MTK rəhbərləri kirayəpulu ödəmədiyindən bəzi sakinlər məcburiyyətdən hazır  olmayan mənzillərə köçüblər.

Sakinlər  MTK rəhbəri ilə görüşə bilmədiklərini iddia edirlər. Problemlə bağlı dəfələrlə yerli  icra  orqanlarına müraciət etdiklərini də dilə gətirirlər.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu hal "Yeni Ailə" MTK-nın yaratdığı problemdir. İcra orqanı buna görə məsuliyyət daşımır.

Sözügedən MTK-nın ofisi isə bağlıdır. Telefon zənglərimizə də cavab verən tapılmadı…

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar