Xəzər Xəbər

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür VİDEO

Veb TV | 22:00 • 31 Yanvar 2024
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1902-ci ildə 17 yaşlı  Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Bir gün sonra Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətini qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Onun özü ilə yanaşı ailəsi də təzyiqə məruz qalıb, sürgünə göndərilib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparan M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. Elə orda torpağa tapşırılıb. Sovet Hakimiyyəti illərində AXC-nin digər görkəmli xadimləri kimi Rəsulzadə də xalq düşməni hesab edilirdi. Görkəmli siyasi xadim yalnız 70 il sonra Azərbaycanın yenidən müstəqillik qazanması ilə öz layiqli qiymətini ala bildi.

Ulu Öndər Heydər Əliyev M.Ə.Rəsulzadə şəxsiyyətinə daim hörmətlə yanaşıb. Ümumilli Lider Türkiyəyə səfər edərkən Rəsulzadənin məzarını da ziyarət edib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb. Arzu Əliyevanın prodüserliyi ilə AXC və Rəsulzadənin fəaliyyətindən bəhs edən "Son iclas" filmi çəkilib.

Prezident İlham Əliyev ötən ay Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı.

Rəsulzadə istəyirdi ki, Azərbaycan azad və müstəqil olsun, üçrəngli bayrağımız bütün torpaqlarımızda qürurla dalğalansın. Onun istəklərinin hamısı gerçəkləşdi. Özü bunu görə bilməsə də Azərbaycan xalqı bu qürurlu anların şahidi oldu. O "bir kərə yüksələn bayraq, bir daha önməz dedi". Biz onun sözünü tutduq. Özü Ankarada, ruhu Azərbaycanda, çox sevdiyi bayrağı isə bütün torpaqlarımızda qürurla dalğalanır!

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar