Avtomobillərin ehtiyat hissələri günü-gündən bahalaşsa da, sığorta şirkətinin ödəyəcəyi maksimum məbləğ 10 ildir ki, dəyişmir.
Xezerxeber.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfə dəymiş zərərin ödənilməsi üçün 2011-ci ildən icbari sığorta məcburi olub. Hadisə zamanı dəymiş zərərin beş min manatını sığorta şirkəti qarşılayır.
Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bazar yeniləndikcə sığortadan verilən pul nə sürücünü, nə də ustaları qane edir. Yəni avtoqəza zamanı sığortanın ödədiyi maksimum məbləğ əksər hallarda dəymiş zərəri qarşılamır.
Dəniz Ağabəyli bildirib ki, ili nisbətən köhnə avtomobillərdə dəymiş zərər maksimum 3-6 min manat arası olurdursa, yeni avtomobillərdə bu məbləğ 10 min manatı ötür.
Sığorta eksperti Emil Ağabağırov isə deyib ki, il yarım əvvəl təsdiqlənən qaydalara görə avomobillərin icbari sığortası üçün tələb olunan məbləğ artıb.
İstehsal ili çoz olan avtomobillər üçün bu rəqəm daha çoxdur. Gələcəkdə statistikaya görə avtomobilə dəymiş zərərin orta məbləği 5 min manatı keçərsə, bu məsələyə də aidiyyəti üzrə yenidən baxıla bilər. Lakin indi belə hallar üçün könüllü sığorta növü mövcuddur.
Ekspert onu da əlavə edib ki, son ayların hesabatına nəzər saldıqda, qarşı tərəfin əmlakına dəymiş zərərdə nisbətən artım müşahidə edilir.
Məsələ ilə bağlı Mərkəzi Bankdan "Xəzər Xəbər"ə bildirildi ki, baş vermiş hadisələrdə ümumi hesablamalar zamanı müəyyən edilib ki, dəymiş zərərin orta statistik göstəriciləri 1000 manatdır. Bu səbəbdən də sığorta şirkətinin ödəyəcəyi maksimum məbləğin artırılmasına lüzum yoxdur. Əgər bu rəqəmin artdığı, xüsusən də 5 min manatı ötdüyü müəyyənləşərsə, ödəniləcək maksimum məbləğ də artırıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: