Xəzər Xəbər

Polis əməliyyat keçirib, 300 min manatlıq qaçaqmal aşkarlanıb VİDEO

Veb TV | 21:44 • 11 Dekabr 2023
Polis əməliyyat keçirib, 300 min manatlıq qaçaqmal aşkarlanıb

Külli miqdarda pirotexniki vasitələrin topdan satışını həyata keçirməkdə şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstandan ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunduğu barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 38 yaşlı İlham Zakiroğlu ifşa edilib. Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarında və "Sədərək" Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edib. Həmin şəxsə məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Məlumata görə, aşkar edilən pirotexniki vasitələrin "qara bazar"da satış qiyməti 300 min manatdan artıqdır.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti