Xəzər Xəbər

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub VİDEO

Veb TV | 21:35 • 5 Dekabr 2023
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub

Dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xezerxeber.az-ın xəbərinə görə, görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. 

Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. 

Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. 

Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib. Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi keçirilən görüşdə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edib. Rusiya XİN başçısı beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması üçün Xəzər şurasının yaradılmasını təklif edib.

Xarici işlər Naziri Ceyhun Bayramov çıxışında Xəzər regionunun investisiya cəlbediciliyinin artırılması, Xəzəryanı ölkələrin iqtisadi rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində fəaliyyəti genişləndirməyə çağırıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xəzər dənizində əməkdaşlığın bütün sahələrini əhatə edəcək təşkilat yaratmağın lazım olduğunu deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar