Erməni diversant Qaqik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Hakim təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan hüquqlarını izah edib, dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edildiyini bildirib.
İş üzrə dövlət itthamının müdafiəsi prokuror Müşfiq Rəhimova həvalə edilib.
Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib.
Qaqik Voskanyan və vəkili Dilsuz Məmmədov hazırkı mərhələdə vəsatətlərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər. Məhkəmənin qərarına əsasən iş baxışa verilib.
Qeyd edək ki, cinayət işini Sabunçu Rayon Məhkəməsinin inzibati binasında eyni hakimlər araşdıracaq. İlk baxış iclası dekabrın 11-ə təyin edilib.
Xatırladaq ki, bu ilin 16 avqustunda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Kəlbəcər rayonu, İstisu yaşayış məntəqəsi istiqamətindən olan boşluqda mövqelənmək istəyiblər. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Qaqik Voskanyan da həmin vaxt saxlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: