Masallı rayonunun Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, 1962-ci ildə istifadəyə verilmiş təhsil ocağının şüşələri qırıq, tavan və döşəməsi isə yararsız vəziyyətdədir.
Valideynləri narahat edən digər məsələ məktəbin istilik sistemi ilə bağlıdır. Binanın dam örtüyü bərbad halda olduğundan istilik sistemi otaqları qızdıra bilmir. Nəticədə odundan istifadə edilir.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov bildirib ki, məktəb istifadəyə verildikdən sonra cari və əsaslı təmir işləri aparılmayıb.
Qeyd olunub ki, yaxın gələcəkdə Ərkivan qəsəbə məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda məktəbdə 429 şagird təhsil alır. Onların təlim - tərbiyyəsi ilə 41 nəfər müəllim məşğul olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: