Yanacaqdoldurma məntəqəsinin qarşısına qoyulan məlumatlandırıcı lövhə şirkətlə rəsmi qurum arasında mübahisə yaradıb...
Xezerxeber.az xəbər verir ki, mübahisəli məsələ ''Tos Oil'' şirkəti ilə Dövlət Reklam Agentliyinin arasında baş verib.
''Tos Oil'' şirkətinin ictimai əlaqələr şöbəsinin rəisi Ceyhun Abbasov iddia edir ki, Abşeron rayon Hökməli qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinin ərazisində quraşdırdıqları məlumat lövhəsinə görə, onlardan şirkətin yalnız ad və logosunun olduğu hissələrin deyil, bütövlükdə lövhənin illik reklam pulu tələb edilir.
Ceyhun Abbasov bildirdi ki, şirkətin ad və logosu olan hissə cəmi 4, ümumilikdə isə lövhənin ölçüsü 32 kv/m-dir. Yəni onlardan təkcə 4 kv/m-in deyil, yerdə qalan 28 kv/m-in də reklam ödənişi tələb edilir. Bu isə illik hesablama zamanı xeyli vəsait deməkdir...
Şirkət Reklam Agentliyi tərəfindən hər birində 5 min manat olmaqla açıq məkanda icazə almadan reklam yerləşdirdiyi üçün iki dəfə ayrı-ayrı vaxtlarda cərimə də edilib.
Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri isə iddialara cavab olaraq bildirib ki, yanacaq məhsullarının satış qiymətlərini əks etdirən tablolar istehlakçıların diqqətini reklam obyektinə, yəni yanacaq satışına cəlb etmək və yanacağın satışını stimullaşdırılmaq məqsədi daşıyır.
O da qeyd edilib ki, əgər qarşı tərəf bu qərardan narazıdırsa, apellyasiya məhkəməsinə müraciət edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: