Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru və toponimləri ilə bağlı dərslərin, seçmə fənlərin ali təhsil proqramlarına daxil edilməsi çox vacibdir.
Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda ilk dəfə keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresdə deyib. O əlavə edib ki, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslər də sözügedən proqrama daxil edilə bilər.
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük yol qət edilib. Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşların hüquqlarının müdafiəsi də beynəlxalq səviyyəyə çıxarılıb.
Vurğulanıb ki, soydaşlarımızı Qərbi Azərbaycandakı yurd-yuvalarından zorla çıxaranlar və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Festival-konqres bədii hissə ilə davam edib. Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, elcə də kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər nümayiş olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: