Kürdəmirdə qızılca xəstəliyinə tutulan azyaşlı dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, azyaşlının yaxınları bildirir ki, uşaq peyvənd olunmayıb.
Təxminən bir həftə əvvəldən 4 yaşlı uşaqda qızdırmalar başlayıb.
Rayon xəstəxanasından bildirilib ki, Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü oğlan uşağı bir neçə dəfə müayinələrdən keçirilib, tibbi xidmət alıb.
Vəziyyəti ağırlaşan azyaşlı bu gün səhər saat 09:10-da xəstəxananın təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. İndi onun ailə üzvləri də müayinələrdən keçiriləcək.
Prokurorluq isə uşağın ölümü ilə bağlı faktı araşdırır.
Cəlilabadda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rayon filialının tələbələri qızılca virusuna yoluxub. Təhsil ocağından bildiriblər ki, virus ilk olaraq 19 yaşlı Rahil Şükürovda aşkarlanıb. Bundan sonra qızılcaya 20 yaşlı Şahin Mayılov, daha sonra onun qardaşı, 18 yaşlı Adəm yoluxub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, ümumilikdə qızılca ilə rayon üzrə 10 müraciət daxil olub.
Hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edildiyini TƏBİB də təsdiqləyib. Qurumdan bildirilib ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: