Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.
Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib.
Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.
Azərbaycan HDQ Dəniz dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təliminin gedişatı müsbət qiymətləndirilib.