Xəzər Xəbər

Ermənistan hərbçilərinin Qarabağda böyük fəlakət planı ifşa edilib VİDEO

Erməni hərbçilər Qarabağda silah - sursat anbarını partlayışa hazır vəziyyətə gətirərək oradan qaçıblarmış
Veb TV | 20:45 • 1 Noyabr 2023
Ermənistan hərbçilərinin Qarabağda böyük fəlakət planı ifşa edilib

Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağda xeyli silah - sursat anbarı aşkarlanıb.

Son günlər daha 2 belə anbar müəyyən edilib. Bu anbarlarda müxtəlif minalar, partladıcılar və mərmilər saxlanıb. Buradakı ağır nəticələrə səbəb ola bilən əldəqayırma mərmilərdən bəziləri 2020-ci ildə hazırlanıb. Ermənistan silahlı qüvvələrinin hərbçiləri qaçarkən tələ də qurublar.

Xezerxeber.az-ın məlumatına görə, mühəndis döyüş sursatlarının saxlandığı anbarlarda həm tank əleyhinə minalar, həm də istiqamətləndirilmiş, eləcə də qəlpəli -dairəvi tipli piyada əleyhinə minalar aşkarlanıb.

Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general - mayor Anar Kərimov bildirib ki, buradakı piyada əleyhinə minaların əksəriyyəti 2021-ci ildə Ermənistanda istehsal edilib və qanunsuz yolla Qarabağa gətirilib. Ehtimal edilir ki, 44 günlük müharibədən sonra həmin minalardan 400-500-ü ərazilərə basdırılıb.

Böyük anbarda həmçinin müxtəlif atımlar və təxribat məqsədi ilə minalı sahələrdən keçmək üçün keçidaçma qurğuları da var. Burada əldəqayırma artilleriya mərmiləri də aşkarlanıb. Ağır nəticələrə səbəb ola bilən, üzərində ermənicə məlumatlar da olan bu mərmilər 2020-ci ildə hazırlanıb.

Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbçiləri bu anbarı partlayışa hazır vəziyyətə gətirərək oradan qaçıblar. İstehkamçıların sayıqlığı nəticəsində bu tələ aşkarlanıb və partlayışın qarşısı alınıb.

Torpağın altında dərinləşdirilən və betonla örtülən, havalandırması da olan digər anbarda isə əsasən partlatma vasitələri saxlanıb.

Burada təlimnamələrə zidd olaraq partlayıcı maddə ilə partlatma vasitəsi eyni yerdə saxlanıb. Ermənistan istehsalı olan mina partladıcılarının yerləşdiyi anbarda yapışqanlı təxribat minaları da aşkarlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti