Ermənistan hökuməti Qarabağdan getmiş ermənilərə qaçqın statusu verir.
Xezerxeber.az xəbər verir ki, Qarabağ əhalisinin reyestrində qeydiyyatda olan şəxslər müvəqqəti müdafiə altına alınacaqlar. Həmçinin, Ermənistan ərazisində və ya onun hüdudlarından kənarda yerləşən, son qeydiyyat ünvanı Qarabağda olan, eləcə də Qarabağda qeydiyyatda olmayan, lakin orada yaşamış və Miqrasiya Xidmətinin bu il sentyabrın 19-dan sonra qeydiyyata aldığı şəxslər də müvəqqəti müdafiə altına alınanlardan olacaqlar. Həmin şəxslər qanunvericiliklə qaçqın sayılır. Yəni bu qərar qüvvəyə mindikdən sonra məcburi köçkünlər avtomatik olaraq qaçqın hesab olunacaqlar.
Politoloq Məhəmməd Əsədullazadə deyir ki, qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında "qaçqın" anlayışı təsbit olunur. Burada digər məqamlarla yanaşı, "beynəlxalq sərhədi keçən insan" anlayışı qabardılır. Bu da o deməkdir ki, Ermənistan həmin şəxslərə qaçqın statusu verməklə onların gəldiyi ərazilərin digər ölkəyə, yəni Azərbaycana məxsusluğunu, həmçinin onların Azərbaycan-Ermənistan sərhədini keçdiyini rəsmən tanıyır.
Ermənistan hökumətinin qərarından aydın olur ki, vaxtilə qondarma rejimin nəzarətində olan ərazilərdə qeydiyyatda olanlarla yanaşı, qeydiyyata düşərək onun hüdudlarından kənarda yaşayanlar, hətta ümumiyyətlə qeydiyyatda olmadan orada yaşayanlar da "qaçqın" statusu alacaq. Bu isə beynəlxalq hüququn pozulmasıdır. Çünkü orada 15 minə yaxın Ermənistan ordusunun hərbçisi yaşayıb. Onların ailə üzvlərini də saysaq, bu rəqəm 40-45 minə çatır.
Politoloq qeyd edib ki, Ermənistan bütün bunları nəzərə almadan "100 min" rəqəmini səsləndirib və bu qədər şəxsə də "qaçqın" statusu vermək niyyətindədir. Məqsəd də onlar üçün xaricdən milyonlarla yardım almaqdır.
Ermənistan müstəqillik qazandığı gündən xaricdən gələn ianələr, yardımlar və işğal altında saxladığı ərazilərdə "məskunlaşma, tikinti, quruculuq" adı altında hər il gələn pul hesabına mövcud olub. İndi bu "mənbə" əldən çıxdıqdan sonra Ermənistan başqa metodla - qaçqınlara yardım adı ilə yenə daimi "pul axını" təşkil etməyi düşünür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: