Xəzərdə suyun get-gedə azalması gəmilər üçün problemlərə səbəb olur.
Xezerxeber.az xəbər verir ki, suyun səviyyəsi düşdükcə, problemin miqyası artır. Gəmilər limanlara yaxınlaşmaqda çətinlik çəkir.
Ekspert Rəşad Şəkərov deyir ki, Xəzərin suyunun azalması bəzi limanları bağlanma təhlükəsi ilə üz-üzə qoyur.
Ekspert deyir ki, qazma, yəni dibdərinləşdirmə işləri əlavə xərc deməkdir. Ancaq vaxtında bu kimi tədbirlər görülməzsə, gəmi sahibləri ziyan çəkir, limana daxil olan gəminin rahat giriş-çıxışını təmin etmək üçün yükün miqdarını azaltmaq məcburiyyətində qalırlar.
Rəşad Şəkərovun sözlərinə görə, Rusiya tərəfdə Həştərxan limanında böyük problem yaşanıb. Ərazidə artıq qazma işlərinə başlanılıb. Həmçinin, Türkmənistan limanında da əsas və köməkçi kanallarda bəzi problemlər yaşanır.
"Xəzər Dəniz Gəmiçiliyi"dən "Xəzər Xəbər"ə bildirilib ki, Bakı limanlarında dibdərinləşdirmə işləri mütəmadi olaraq həyata keçirilir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limandan verilən məlumata əsasən isə , hazırda gəmilər üçün ciddi maneə yoxdur. Ancaq, azalma davam edərsə, dibdərinləşdirmə işlərinə ehtiyac yaranacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: