142 müəllimin çalışdığı orta məktəb bağlanır.
Xezerxeber.az xəbər verir ki, söhbət Səbail rayonundakı 219 saylı evdə təhsil tam orta məktəbindən gedir. Elm Və Təhsil Nazirliyinin qarşısına toplaşan bu müəllimlər bildiriblər ki, onlar sağlamlıq imkanları məhdud olduğu üçün məktəbə gedə bilməyən uşaqlara dərs deyirlər. Bilinməyən səbəblərdən isə onların çalışdığı, 70 ildən artıq fəaliyyət göstərən məktəb bağlanır.
Nəticədə də 142 müəllim işsiz qalacaq.
Müəllimlər bildirirlər ki, 2 ildir məktəbə şagird verilmir. Nəticədə isə onların dərs saatları azalır.
Narazılıq bildirən müəllimlər Elm və Təhsil Nazirliyinə dəvət edildi və onların şikayətləri dinlənildi. Nazirlikdən "Xəzər Xəbər"ə isə bildirildi ki, məsələ ilə bağlı açıqlamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsi verəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, evdə təhsil alan uşaqların sağlamlıq durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilməsi qarşıda duran əsas məsələlərdəndir. Bu səbəbdən də 219 nömrəli mərkəzləşmiş evdə təhsil məktəbi modelindən imtina olunub. Hazırda qeyd olunan məktəb fəaliyyətini davam etdirsə də, uşaqların yaşayış yerlərinə yaxın başqa məktəb vasitəsi ilə evdə təhsilə cəlb olunması nəzərdə tutulur.
Bu prosesə 2024-2025-ci tədris ilindən start veriləcək. Müəllimlərə də digər məktəblərdə dərs saatlarının verilməsi üçün iş aparılır. Psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməklik göstəriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: