Məlumat verdiyimz kimi, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 21 şagirdi, ilkin ehtimala görə, qidadan zəhərlənib.
Xezerxeber.az xəbər verir ki, Xəzər TV-nin "Xəbər Ertəsi" proqramının əməkdaşları müvafiq qurumlardan hadisə münasibət öyrənməyə çalışıblar.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova xəstəxanaya yerləşdirilmiş şagirdlərin müayinə və müalicə məsələləri, eləcə də vəziyyətləri ilə bağlı açıqlama verib.
Əlaqə saxlanılan digər qurumdan isə hadisəyə münasibət öyrənmək mümkün olmayıb. Daha dəqiq, mətbuat katibi zəngə sərt reaksiya verib. "Xəbər Ertəsi" proqramının əməkdaşlarının sualına "Səhər saat 7-də niyə zəng etmisiniz?" kimi sualla cavab verərək telefonu söndürüb.
"Xəbər Ertəsi" proqramının aparıcısı Aytən Səfərova isə həmin mətbuat katibini tənqid edib. Amma tənqidi fikirlərini konkret olaraq hansı qurum və onun mətbuat katibinə ünvanladığını efirdə açıqlamayıb.
Xezerxeber.az Aytən Səfərovadan söhbətinin kimdən getdiyini öyrənib. Məlum olub ki, bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov olub.
Xezerxeber.az həm Aytən Səfərovanın tənqidi fikirlərini, həm də TƏBİB rəsmisinin videoaçıqlamasını təqdim edir: