Milli Məclisin bugünkü iclasında peşə məktəblərində ödənişli təhsil alan müharibə veteranları ilə bağlı dəyişiklik təsdiqlənib.
Xezerxeber.az-ın məlumatına görə, layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Müharibə veteranları güzəştli kateqoriya hesab edilib.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
İclasda "Polis haqqında" qanuna dəyişikliklər son oxunuşda təsdiqlənib.
İclasda valideyn himayəsindən məhrum olan 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə də son oxunuşda qəbul edilib.
Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid ediləcək və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq. Eyni zamanda onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq.
Bundan sonra cinsi zorakılığa görə məhkum edilənlərin müəllim işləməsini qadağan edən qanun da ilk oxunuşdan keçib.
Həmçinin ''Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi də iclasda ciddi müzakirə mövzusu idi.
Millət vəkili Fazil Mustafa layihədə qiymətləndirici olmaq üçün ali təhsil tələbinin aradan qaldırılmasını təklif edib.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev ''Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi ilə bağlı millət vəkillərinin suallarını cavablandırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: