Xəbər verdiyimiz kimi, Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib.
Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.
Partlayışdan əvvəl atəş səslərinin eşidildiyi bildirilib. Həmin anın görüntüləri isə sosial şəbəkələrdə yayılıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hadisə zamanı 2 polis yüngül xəsarət alıb. O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
Hücumdan sonra hadisə yerinə çoxlu sayda polis və həkim briqadası cəlb edilib. Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə prokurorluğun açıqlamasında bildirilib. Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hadisəyə münasibət bildirərək qeyd edib ki, bu səhər polis bölmələrinin vaxtında müdaxiləsi nəticəsində iki cinayətkarın zərərsizləşdirildiyi hadisə terrorun son çırpınışlarıdır. Ərdoğan onu da bildirib ki, terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: