Sabahdan etibarən taksi sürücülərinə dair yeni tələblər qüvvəyə minəcək.
Xezerxeber.az-ın məlumatına görə, yeniliklərdən biri buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır.
Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
"Dövlət rüsumu haqqında" qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, taksi xidməti arzuolunmaz vəziyyətə düşdüyündən bu tələblər fəaliyyət səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
Bundan başqa, sürücülər etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Taksi minik avtomobillərinə taksometr də quraşdırılmalıdır. Əgər proqram təminatı varsa, taksometrə ehtiyac yoxdur.
Qeyd edək ki, taksi ilə sərnişin daşımalarına dair yeni tələblərin pozulmasına görə cərimələr və məhdudiyyətlər 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: