Xəzər Xəbər

Dünya şöhrətli alim Azad Mirzəcanzadənin 95-ci il dönümüdür VİDEO

Veb TV | 22:55 • 29 Sentyabr 2023
Dünya şöhrətli alim Azad Mirzəcanzadənin 95-ci il dönümüdür

"İstedadlılara kömək edin yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuzda yol tapacaqlar". "Özgənin səsini yamsılayan öz səsini itirə bilər".

Xezerxeber.az xəbər verir ki, bu kimi bir sıra müdrik fikirlər Azərbaycanın XX əsrdə ən nadir zəkalarından biri, Azərbaycanlı alim, mütəfəkkir Azad Mirzəcanzadəyə aiddir. Bu gün intellekt, istedad, savad və bacarığı ilə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan dünya şöhrətli alim Azad Mirzəcanzadənin 95-ci il dönümüdür.

Azadın uşaqlıqdan xüsusi istedadı olduğu üçün imtahan verərək məktəbi 15 yaşında bitirir və gənclər məktəbində riyaziyyatdan dərs deyir. Müharibə illərində anasına və bacısına baxmaq üçün çalışır. Yaşı az olduğu üçün onu Azərbaycan Sənaye Institutuna qəbul etmirlər. Lakin çətinliklə də olsa bu icazəni ala bilir. Artıq universitet illərində elmlə məşğul olmağa başlayır. O 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 31 yaşında professor adını alır. 40 yaşında isə artıq Elmlər Akademiyasının həqiqi üzvü idi. Onun tətbiqi mexanika və neft-mədən sahəsində araşdırmaları dünyada neft-qaz sənayesinə təkan verib. Dünyanın yeganə alimlərindəndir ki 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Yetirməsi Alçın Şirinzadə deyir ki, Azad müəllim çox  parlaq şəxsiyyət idi. Azad Mirzəcanzadəni tanıyanlar onu dahi adlandırsalar da, o - "Mən sənətimin mütəxəssisiyəm" deyirdi..

O, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri, 1993-2001 -ci illərdə isə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edir. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər məhz onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır.  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Azad Mirzəcanzadə adına təqaüd" təsis edilib. Tələbəsi Geylani Pənahov qeyd edib ki 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına hər zaman xüsusi diqqət yetirib.

Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi. Akademik 2006-cı ildə 78 yaşında vəfat edir. O Fəxri Xiyabanda dəfn edilib. Bəli. Dahilər unudulmur, yaşayır, tarixi xatırladır və tarixə yazılır... Elə Azad Mirzəcanzadə kimi…Dərin hörmətlə anırıq…

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar