Ağdam yolu ilə növbəti humanitar yük və tibbi ləvazimatlar Xankəndiyə yola salınıb.
Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında 4 yük maşını 40 ton un, gigiyenik vasitələr və yataq dəstləri Ağdam - Əsgəran - Xankəndi yolu ilə ünvana çatdırılıb. Həmçinin növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparıb.
Şəhərdə baş vermiş partlayışdan sonra yaranmış yanğını lokallaşdırmaq məqsədi ilə əraziyə Ağdam və ətraf rayonlardan yanğınsöndürmə texnikaları və canlı qüvvə göndərilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam -Əsgəran - Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.
Xankəndiyə SOCAR-ın maşınları ilə 60 tondan çox yanacaq da göndərilib. 34 ton dizel, 30 ton benzin Ağdam - Əsgəran - Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə də Xankəndiyə SOCAR-ın maşınları ilə 64 ton yanacaq göndərilib.
Prezidentin köməkçisi Hikmət Hacıyev "X" platformasındakı paylaşımında qeyd edib ki, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: