Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komaya düşüb.
Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva dünən səhər saatlarında Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətilə bağlı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev “Xəzər Xəbər”ə danışıb.
Baş həkim bildirib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiyada davam etdirilir. Onun sözlərinə görə, vəziyyətində cüzi stabilləşmə var.
Kamran Musayev əlavə edib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin nəzarəti altındadır.
Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev isə onun vəziyyətiylə bağlı bildirdi ki, cüzi də olsa yaxşılaşma var.
Millət vəkilinin səhhətindəki durumla bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 23-ü saat 03:01 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: