Qarabağ ərazisində faydalı qazıntı yataqlarını qanunsuz talayan şirkətlərin digər qanusuz fəaliyyətləri də üzə çıxıb. Sən demə, bu şirkətlərin vəzifəsi təkcə geoloji kəşfiyyat, yataqların talan edilməsi olmayıb. Onlar uzun illərdir həm də separatçıların ən böyük dəstəkçilərinə çeviriliblər. Separatçıların silah-sursatlarının daşınması, onların balansında olan ambarlarda saxlanılması vəzifələrini də icra ediblər.
Bu faktlar Müdafiə Nazirliyinin bu gün yaydığı görüntülərlə bir daha təsdiqini tapdı.
Məlum oldu ki, Kəlbəcər rayonu ərazisində yerləşən "Dəmirli" mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan "Base Metals" şirkətinə məxsus tikililər hərbi məqsədlər üçün istifadə olunub.
Mövzuya münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, həmin şirkət uzun illər idi, Azərbaycanın işğal edilən ərazilərində mis-molibdən və qızıl yataqlarını qanunsuz istismar edirdi. Oradan əldə edilən gəlirin müəyyən hissəsi həm də separatçıların silahlanması üçün xərclənirmiş.
Politoloq deyib ki, bu və bunun kimi digər qanunsuz fəaliyyət göstərən şirkətlərin əməlləri ilə bağlı mütləq aidiyyəti qurumlar tərəfindən hüququ ölçü götürüləcək. Onların beynəlxalq məhkəmə qarşısına çıxarılması da həyata keçirilə bilər.
Həmin şirkət sahiblərini məsuliyyətə cəlb etməklə vurulan ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilməlidir. Şirkətin rəhbərləri İnterpol vasitəsilə axtarışa verilib, həbs olunmalıdır. Çünkü ''Base Metals'' və Qarabağda qanunsuz fəaliyyət gösrtərən digər onlarla şirkət Azərbaycan ərazilərinə küllü-miqdarda ziyan vurublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: