Qarabağın erməni əsilli sakinləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər var.
Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, artıq müraciətlər gəlir və istənilən şəxsin bununla bağlı müraciətində hər hansı bir qadağa yoxdur.
Elşad Hacıyev həmçinin əlavə edib ki, hazırda Qarabağda əsas diqqət ictimai təhlükəsizliyin tam təmin edilməsinə yönəlib. Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində əldə olunan uğurlar və hazırda keçirilən kompleks tədbirlər bunu deməyə əsas verir ki, Qarabağda bütövlükdə vəziyyət tam nəzarət altında saxlanılır.
Evlərinə geri dönən erməni sakinlərin isə təhlükəsizliyi tam təmin edilir.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Şuşaya səfər edən xarici hərbi attaşelərə məlumat verən zaman deyib.
O, bildirib ki, Kəlbəcər, Fizuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurulub. Bu düşərgələrin hər birində 1000-ə yaxın insan yemək, su, elektrik enerjisi və istiliklə təmin edilib.
Anar Eyvazov əlavə edib ki, hazırda Erməni qeyri-qanuni birləşmələrinin silahlarının təcrid edilməsi prosesi həyata keçirilir.
Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, son 3 il ərzində Azərbaycan ordusu tərəfindən Qarabağ ərazilərində tədbirlər həyata keçirilib və ordumuzun istehkamçıları ərazinin minalardan təmizlənməsi üçün işlər görüb.
Şuşada olan xarici hərbi attaşelər antiterror tədbirlərində azad edilmiş yerlərə baxış keçiriblər. Onlar Şuşa şəhəri yaxınlığında separatçılardan təmizlənmiş keçmiş döyüş məntəqəsində olublar.
Xarici hərbi attaşelərə antiterror tədbirlərində müsadirə olunmuş silah-sursat nümayiş olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: