Azərbaycanın Qarabağda yaşayan erməni əhali üçün göndərdiyi humanitar yardım Rusiya sülhməramlıları tərəfindən təhvil alınıb.
Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağ ermənilərinə Azərbaycan yardımını necə çatdırdığını göstərib.
Belə ki, Azərbaycan tərəfindən göndərilən yardım Rusiya sülhməramlıları tərəfindən qəbul edilib, bazaya boşaldılıb və daha sonra erməni əsilli sakinlərə paylanması təşkil olunub.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılıb və əhaliyə paylanılacaq. (trend)