Ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Xezerxeber.az FHN-nə istinadən məlumat verir ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.
Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.