"Ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır. Qida məhsulları daşınarkən həm isti, həm də soyuq zəncir prinsipinə əməl edilməlidir".
Xezerxeber.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, pandemiya dövründə tək Azərbaycanda deyil, eləcə də bütün dünyada qida məhsullarının çatdırılması və daşınması geniş vüsət aldı. Ölkəmizdə də bu sahədə fəaliyyət göstərən çox sayda şirkətlərin yaranmasına diqqət çəkən Qoşqar Təhməzli qeyd edib ki, həmin şirkətlərdən ən vacib tələb öz fəaliyyətlərini "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun həyata keçirmələridir.
Onun sözlərinə görə, ərzaq məhsullarının "qonşuluq" prinsipinə düzgün əməl olunmalıdır. Həmçinin daşımada iştirak edən sahibkarlıq strukturları bilavasitə tibbi müayinədən keçməlidirlər. Hətta onların istifadə etdikləri qida qutuları standartlara uyğun olmalıdır.
AQTA sədri qeyd edib ki, bu ildən təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyi ilə birgə həmin qurumun tabeliyində olan bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirəcək.
Qoşqar Təhməzli onu da əlavə edib ki, hazırda qida və yem məhsullarının təhlükəsizliyi sahəsində yeni normaların hazırlanması işləri davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: