Pirşağı – Novxanı - Xırdalan avtomobil yolunun tikintisi uzun fasilədən sonra yenidən başlayıb. Nə qədər qəribə səslənsə də, bu, ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, tikinti prosesi çox ləng gedir. Ərazi qışda palçıq, yayda isə toz olur. Ona görə də sakinlər yoldakı problemin tezliklə yoluna qoyulmasını istəyirlər.
Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində yeni salınmaqda olan yol Bakı dairəvi yolun davamıdır.
Sakinlər bildirirlər ki, yolun tikintisinə illər öncə başlanılıb. Elə ona görə də, uzun illərdir ki, yayda toz, qışda isə palçıqdan əziyyət çəkirlər.
Yolun hər iki tərəfində yaşayan sakinlər başqa alternativ yollarının olmadığını deyirlər.
Sakinlərin iddasına görə, yolun tikintisinə 2015-ci ildən başlanıb, işlər sonradan yarımçıq qalıb.
Onlar yeni salınmaqda olan yoldakı üstüaçıq quyulardan da narahatdırlar. Çünki təxminən 2-3 metr dərinliyi olan bu quyuları qaranlıqda görmək mümkün deyil.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən “Xəzər Xəbər”ə bildirildi ki, Bilgəh qəsəbəsi – Novxanı - Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı – Novxanı – Xırdalan -M4 avtomobil yolunun tikintisi uzun fasilədən sonra yenidən başlayıb. Tikilən yolun əhəmiyyətini nəzərə alaraq, sözügedən avtomobil yolunun layihələndirilməsi və tikintisi hissə-hissə aparılır. Açıq hava şəraitində tikinti aparıldığı üçün metereoloji amillər nəzərə alınaraq bəzi günlərdə, bugünkü kimi iş müvəqqəti dayandırıla bilər. Yolun tikintisinin hələ bir neçə il davam edəcəyi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: