Xəbər verdiyimiz kimi, ölkəyə satış məqsədi ilə göndərilən külli miqdarda narkotiki qəbul edən şəxslər saxlanıb.
Əməliyatı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həyata keçiriblər. İdarəyə Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədi ilə göndərilən narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub.
Qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən kordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman saxlanıblar.
Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli həb aşkar edilib. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: