Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi.
Xezerxeber.az xəbər verir ki, rəsmi İrəvanın növbəti qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edildi.
Xarici işlər Nazirliyin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib ki, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın yaydığı bəyanat ölkəmizin qısa müddətdə qarabağda gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür.
Ayxan Hacızadənin sözlərinə görə, Ermənistan əsassız bəyanat verməklə Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədini güdür.
Ermənistanın bəyanatında Qarabağ bölgəsində yaşayan ermənilərə qarşı guya Azərbaycanı "etnik təmizləmə" niyyəti güddüyü iddia edilib. Bu fikirlərin tamamilə əsassız olduğunu deyən Ayxan Hacızadə vurğulayıb ki, erməni sakinlərlə dialoq aparılması azərbaycanın daxili məsələsidir və ermənistanın buna müdaxiləsi qəbuledilməzdir.
Bölgədə sülh və sabitliyin təmin edilməsinin saxta vədlərlə deyil, real addımlarla ölçüldüyünə diqqət çəkən Ayxan Hacızadə, Ermənistanı ölkəmizin ərazi bütövlüyünə əməldə riayət etməyə dəvət edib.
O, diqqətə çatdırıb ki, sülhün bərqərar edilməsi istiqamətində baza prinsiplərini ilk olaraq təklif edən, sülh müqaviləsi mətnini ilk olaraq irəli sürən, bölgədə kommunikasiyaların açılması səylərini irəlilədən tərəfin məhz Azərbaycan olduğu hər kəsə bəllidir. Bütün bu səylərə hər vəchlə maneçilik törədən tərəfin də məhz Ermənistan olduğu aydındır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: